Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjasının təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə xeyriyyə sərgisi baş tutmuşdur.

Korporativ xəbərlər

16 iyun 2017-ci il tarixində Bakı Fond Birjasının təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı Fond Birjasının yerləşdiyi biznes mərkəzi Babək Plazanın, (Babək prospekti, Ələddin Quliyev 11/31) geniş foyesində fiziki və əqli məhdudiyyəti olan uşaqların əl işlərindən ibarət sərgi keçirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Fond Birjasının Idarə Heyətinin sədri Vüqar Namazov iştirakçıları salamlayaraq, belə tədbirlərin cəmiyyətimizdə önəmini vurğulamış, fiziki və əqli məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rolu olduğunu qeyd etmişdir. Həmçinin Sərgidə iştirak edən insanlara, o cümlədən tərəfdaşlıq edən şirkətlərə öz minnətdarlığını bildirmişdir.

Daha sonra sözü alan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva öz növbəsində tədbirin təşəbbüskarı olan Bakı Fond Birjasının rəhbərliyi və kollektivinə təşəkkür etmişdir və bu qəbildən olan tədbirlərin keçirilməsində komitə olaraq hər zaman dəstək verməyə hazır olduqlarını ifadə etmişdir.

Ardınca Bakı Fond Birjasının açılış zəngi çalınmış və sərgi açıq elan edilmişdir.

Qeyd edək ki, sərginin keçirilməsində məqsəd sağlamlıq imkanı məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, onlara qayğı və dəstək göstərmək, gənclərin bacarıqlarını ictimaiyyətə təqdim etmək və cəmiyyətin onlara diqqətini artırmaqdır. Sərgidən toplanmış vəsait əl işlərinin müəlliflərinə təqdim olunmuşdur.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunmuşdur.

BFB adı çəkilən tədbirə təşkilatı dəstəyə görə tərəfdaş şirkətlər olan Babək Plaza, Coca Cola, Koroğlu, Ali və Nino, Böyük Firat və Kreativ 141 şirkətlərinə öz xüsusi təşəkkürünü bildirir.