BFB-də listinq

BFB də ticarət listinqdən keçmiş qiymətli kağızlar üzrə həyata keçirilir.

Azərbaycanda qiymətli kağızlar bazarı Qiymətli Kağızlar haqqında Aəzrbaycan Respublikasının qanunu ilə tənzimlənir. Qanunvericiliyə əsasən səhm və istiqrazların kütləvi təklifi yalnız fond birjası vasitəsi ilə həyata keçirilə bilər. Səhm və istiqrazların kütəlvi ticarəti üçün isə, ilk növbə onlar fond birjasında listinqdən keçməlidirlər.

 

LİSTİNQ NƏDİR?

Hərfi mənada “Listinq” ingilis sözü [listing] olub mənası “siyahıya almaq etmək” deməkdir. Listinqin mahiyyəti də məhz qiymtətli kağızların tənzimlənən bazarlarda ticarətə buraxılmış maliyyə alətlərinin siyahısına əlavə edilməsidir. Burada, tənzimlənən bazarlar məhz fond birjaları anlamına gəlir. Hətta çox zaman bu iki termin sinonim kimi də işlədilir.

Tənzimlənən bazarların, yəni fond birjasının tənzimlənməyən “qara bazarlar”dan fərqi burada investorların qorunması, şəffallıq, ədalətli qiymətlərin formalaşması üçün zəruri çərçivələrin və mexanizmlərin mövcud olmasıdır.

Bazarların tənzimlənməsinin əsas məqsədlərindən biri investorların – yəni çoxaylı vətəndaşların, şirkətlərin və təsisatların – hüquqlarının qorunması təşkil edir.

Bakı Fond Birjası (BFB) Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjası olmaqla, tənzimlənən bazarlarda qiymətli kağızlarla ticarətin həm də yeganə təşkilatçısıdır. Hazırda BFB-də ölkədə fəaliyyət göstərən əksər şirkətlərin (bura həm ASC həm də QSC və MMC-lər daxildir) səhm və istiqrazları ticarət olunur. Bu o dəmikdir ki, həmin qiymətli kağızlar ilk növbədə BFB-nin “Listinq qaydaları”na müvafiq şəkildə listinqdən keçmişdir.

 

BFB-DƏ LİSTİNQİN 7 ÜSTÜNLÜYÜ

1. Uzunmüddətli kapital cəlb edilməsi – Listinq biznesin genişləndirilməsi məqsədilə yeni investisiyaların maliyyələşdirilməsi üçün tələb olunan uzunmüddətli kapitalın cəlb edilməsinə imkan verir.

2. Yeni investorlara çıxış – Şirkətin qiymətli kağızlarının listinq olunması bu qiymətli kağızların bank, sığorta şirkətləri, beynəlxalq investorlar və geniş ictimaiyyət kimi yeni investorlar tərəfindən alınmasına şərait yaradır.

3. Müsbət imicin formalaşması – Listinqdə olan şirkət haqqında məlumatlar geniş ictimaiyyət tərəfindən maraqla qarşılandığına görə mütəmadi olaraq mediada şirkət haqqında mühüm xəbərlər və elanlar işıqlandırılır. Bu səbəbdən belə şirkətlər digərləri ilə müqayisədə daha yüksək imicə malik olur. Şirkət haqqında məlumatların ictimaiyyət tərəfindən asanlıqla əldə olunması və izlənilməsi ona qarşı müştərilər, investorlar və təchizatçılar tərəfindən olan etibarın artması ilə nəticələnir.

4. Likvidlik və təkrar bazar – Listinq olunan şirkətin səhmləri təkrar bazarda ilkin səhmdarlar tərəfindən digər investorlara satıla bilər. Təkrar bazarın mövcudluğu qiymətli kağızlar üçün asan ticarət imkanı-likvidlik yaratmış olur. Belə bir imkanın olması şirkətin kağızlarını investorlar üçün daha da cəlbedici edir.

5. İşçilərin motivasiyası – Listinq şirkətin səhmlərinin işçilərə mükafat kimi verilməsinə imkan yaradacaqdır. Şirkətin səhminə sahib olan işçi dividend ödənişlərindən və səhmlərin qiymət artımından əlavə gəlir əldə etmiş olur. Bununla da, o şirkətin inkişafında daha çox maraqlı olur.

6. Şirkətin bazar dəyərinin müəyyən olunması – Listinq olunan şirkət haqqında məlumatların geniş ictimaiyyətə açıq olması qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən mütəmadi olaraq dəyərləndirilir. Səhmlərin davamlı olaraq qiymətləndirilməsi şirkətin bazar dəyərini müəyyən etməyə imkan yaradır.

7. Təsisçilərin çıxış imkanı – Listinq şirkətin ilkin səhmdarlarına öz paylarını digər investorlara sataraq qoyulan sərmayələrini geri götürmək və şirkətdən ayrılmaq imkanı verir.