Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

BFB-nin yeni “Mərkəzləşmiş Birja Ticarət Sistemi” bazar iştirakçılarına və geniş ictimaiyyətə təqdim olundu

Korporativ xəbərlər

17 fevral 2016-ci il tarixində “Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi” (KBML) çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti üzrə “Azərbaycan Qiymətli Kağızlar Bazarının vahid Ticarət, Ticarət Sonrası və Nəzarət Sistemi” bazar iştirakçılarına və geniş ictimaiyyətə təqdim olunmuşdur.

Azərbaycanın kapital bazarı tarixində bir ilk olan sistemin açılış mərasimi ilə bağlı təşkil olunmuş tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparat rəhbəri cənab Bəxtiyar Əzizov, Koreya Respublikasını Azərbaycandakı səfiri cənab Kim Çanq-gyu, Koreya Birjasının nümayəndəsi cənab Yanq Sanq Kvon, Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi xanım Anjela Prigojina və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi cənab Elxan Mikayılov çıxış etmiş, layihənin uğurla başa çatdırılması ilə bağlı öz məmnunluqlarını ifadə etmişlər. Tədbirdə həmçinin kapital bazarı iştirakçıları və media mənsubları iştirak etmişlər.

Tədbirin rəsmi hissəsindən sonra yeni Ticarət sisteminin istifadəyə verilməsinə start mərasimi baş tutmuşdur. Start düyməsi təntənəli şəkildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı və Koreya Birjasının Daimi Nəzarət Müfəttişi Yanq Sanq Kvo tərəfindən sıxılmışdır. Yeni sistem həm funksionallığı, iş prinsipi, elektron interfeysi, həm də yeni ticarət imkanları baxımından əvvəlkindən tamamilə fərqlənir. Belə ki, yeni ticarət arxitekturası nüfuzlu dünya təşkilatları tərəfindən tövsiyə edilən STP (verilənlərin real vaxt rejimində işlənilməsi) prinsipi əsasında qurulmaqla, tam inteqrasiya edilmiş ticarət, ticarət sonrası və nəzarət funksiyalarını özündə ehtiva edir. Bu da öz növbəsində ticarətin ədalətli və şəffaf təşkili, hesablaşmaların effektiv icrası, risklərin idarə edilməsi, bazarın qorunması və dayanıqlılığının təmin edilməsi üçün əlverişli mühit yaradır. Ticarət arxitekturasının bir komponenti olan BFB-nin yeni ticarət sistemi Azərbaycan fond bazarının inkişafına təkan verəcək yeni alətlərin ticarəti imkanı yaradır. Bununla yanaşı yeni sistem, bazarın gələcək inkişafı perspektivlərini nəzərə alaraq, bazar iştirakçılarına dünyada bu sahədə tətbiq edilən qabaqcıl texnologiyalar əsasında yaradılmış təhlükəsiz və  yüksək sürətli ticarət imkanları təqdim edir. Məhz istifadə edilmiş qabaqcıl texnologiyalar sayəsində investisiya şirkətləri gələcəkdə müştəriləri üçün bilavasitə ticarətdə iştirak imkanları – investor terminalları yarada biləcəklər. Eyni zamanda, yeni ticarət sistemi qabaqcıl fond bazarları təcrübəsinə əsaslanan ədalətli və şəffaf qiymət formalaşmasına yönəlmiş  müasir ticarət üsullarının tətbiqi, abunə yazılışı qaydasında ilkin kütləvi təklifin keçirilməsi, ünvanlı satışın təşkili, ticarət imkanlarını artıran yeni sifariş növləri və sifariş şərtlərinin tətbiqi üçün şərait yaradır. Qeyd edək ki, sistemlərin işi Azərbaycan qiymətli kağızlar bazarı qanunvericiliyinə və mövcud biznes proseslərə tam uyğunlaşdırılmışdır.

Müştərək qərarla “Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarət Sonrası və Nəzarət Sistemi”nə qısa olaraq CETA adı verilmişdir (oxunuş qaydası – [SETA], abreviaturanın açılışı – “Centralised Exchange Trading in Azerbaijan”, Azərbaycanca – “Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemi”)

Tədbirin sonunda İşçi qrupuna xatirə mükafatları təqdim olunmuş və kollektiv foto çəkilmişdir.

Layihəyə dair Əlavə Məlumat

Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi (KBML) “2011-2020-ci illər ərzində qiymətli kağızlar bazarının inkişafı” üzrə dövlət proqramına dəstək vermək və kapital bazarlarından maliyyələşməni daha da təşviq etmək məqsədilə yaradılmış hərtərəfli və çox şaxəli proqramdır. Layihə Azərbaycan Hökuməti, Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) tərəfindən maliyyələşdirilir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Bakı Fond Birjası və Milli Depozit Mərkəzi layihənin əsas benefisiarlarıdır. “Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarət Sonrası və Nəzarət Sistemi”nin yaradılması yuxarıda adı çəkilən layihənin “Bazar İnfrastrukturunun Sadələşdirilməsi və Avtomatlaşdırılması” komponenti əsasında həyata keçirilir. Bu komponentin əsas məqsədləri arasında bazar iştirakçıları arasında elektron interfeysin yaradılması, ümumilikdə bazarın işləmə səmərəliliyinin artırılması, risklərin idarə olunması proseslərinin təkmilləşdirilməsi və bazar infrastrukturunun sadələşdirilməsi kimi istiqamətlər yer alır.

2014-cü il ərzində “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin çərçivəsində adı çəkilən sistemin satınalınması prosesi həyata keçirilmişdir. Tenderdə dünyanın bir çox müxtəlif ölkələrindən 22 maraqlı şirkət iştirak etmişdir. Sonda iki şirkət – InfoTech Private Limited (Pakistan) və Korea Exchange  (KRX) şirkətləri növbəti mərhələyə adlamış və satınalma prosesinin nəticəsi olaraq isə  “Koreya Fond Birjası” qalib elan olunmuşdur. Qeyd olunan şirkətlə 2015-ci ilin fevral ayının 25-də  Vahid Ticarət, Ticarət Sonrası və Nəzarət Sistemin yaradılması ilə bağlı Layihə Planı imzalanaraq işlərə start verilmişdir. Əldə olunmuş razılığa əsasən 14 dekabr 2015-ci il tarixindən etibarən Koreya Birjasının 40 (qırx) nəfərə yaxın nümayəndə heyəti Bakıda işçi səfərdədir. Səfərin 2016-cı ilin fevral ayının 17-dək davam edəcək bu mərhələsi ərzində QKDK, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının mütəxəssisləri ilə birlikdə  proqram təminatının sınaq işləri, eyni zamanda Koreya Birjasının əməkdaşları tərəfindən sistemlər üzrə yerli mütəxəssislərə və birja üzvlərinə ümumi tanışlıq, istifadəçi təlimləri və praktiki məşğələlər keçirilmişdir. Daha sonra təlimlər Birja üzvlərinin bilavasitə iş yerlərindən davam etdirilmişdir.