Əməkdaşlıq və Üzvlük

Dünya fond birjaları ilə qarşılıqlı əməkdaşlıq

Borsa İstanbul – Azərbaycan Respublikasi ilə Türkiyə Respublikası arasında olan dostluq və qardaşlıq əlaqələri hər iki dövlətin iqtisadi-maliyyə əlaqələrində də öz əksini tapır.

Belə ki, İstanbul Fond Birjası BFB-nin nizamnamə kapitalında iştirak etməklə Bakı Fond Birjasının təsisçilərindən olmuş və 2000-ci ilin iyunundan etibarən birjanın 19-cu səhmdarına çevrilmişdir.

Borsa İstanbul Azərbaycanda kapital bazarının inkişafı, İT və ticarət sistemi sahələrində təcrübə mübadiləsi və peşəkar təlimlərin keçirilməsi sahəsində BFB ilə yaxından əməkdaşlıq edir. Əməkdaşlıq müddətində Borsa İstanbulun (2012-ci dekabrın 30-dan etibarən Borsa İstanbul adlanır, əvvəlki İstanbul Fond Birjası – İMKB) yüksək səviyyəli nümayəndə heyətləri və ekspert qrupları mütəmadi olaraq Azərbaycana səfər etmişlər. Həmçinin, Borsa İstanbulda Bakı Fond Birjasının əməkdaşları üçün təlim səfərləri təşkil olunmuşdur.

Borsa İstanbul Bakı Fond Birjasının səhmdarlarının Ümumi Yığıncağında və Müşahidə Şurasının iclaslarında mütamadi olaraq təmsil olunur.

Borsa İstanbul ilə Bakı Fond Birjası arasında  münasibətlərin saxlanılmasına görə məsul şəxs Borsa İstanbulun Biznesin İnkişafı və Araşdırmalar departamentinin müduri cənab Murat Mazıbaşdır.

Bakı Fond Birjası həmçinin 16 dekabr 2003-cü il tarixində Selanik Fond Birjası ilə əməkdaşlığa dair “Niyyət Protokolu” imzalamışdır.

Daha sonra, Bakı Fond Birjası ilə Varşava Fond Birjası arasında 15 may 2007-ci il tarixində “Əməkdaşlıq Memorandumu” imzalanmışdır.

 

Beynəlxalq və Regional təşkilatlarla əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi

Bakı Fond Birjası 2001-ci ildən etibarən Avro-Asiya Fond Birjaları Federasiyasının (FEAS) üzvüdür. Avro-Asiya Fond Birjaları Federasiyası 1995-ci ildə təsis edilmişdir. Yaradılarkən 12 üzvü olan Federasiyanın hal-hazırda 30 ölkədən post-ticarət institutları, diler assosiyaları və regional federasiyalar da daxil olmaqla 34 üzvü mövcuddur.