Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“GƏNC İNVESTOR 2015” keys müsabiqəsi başa çatdı

Korporativ xəbərlər

“Bakı Fond Birjası” QSC tərəfindən “Bilik Mübadiləsi” proqramı çərçivəsində ADİU tələbələri arasında təşkil edilən “GƏNC İNVESTOR 2015” adlı keys müsabiqə başa çatmışdır.

Bununla əlaqədar BFB-nin təşkilatçılığı ilə 13 noyabr 2015-ci il tarixində QKDK-nın iclas zalında  yekun tədbir həyata keçirilmişdir. Tədbirdə “GƏNC İNVESTOR 2015” müsabiqəsində iştirak etmiş tələbələrin qiymətləndirilməsi və qalibin müəyyən olunması baş tutmuşdur.

Tədbiri giriş sözü ilə açan BFB-nin İdarə heyətinin sədri Fariz Əzizov təşkil olunmuş müsabiqədə əsas məqsədin tələbələrin kapital bazarlarına dair biliklərin dəyərləndirilməsi, intellektual bacarıqlarının artırılması və məntiqi təfəkkürlərinin inkişaf etdirməkdən ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. QKDK-nin Sədr müavini cənab İlqar Muradov bu tədbirin cari ilin yanvar ayında QKDK ilə ADİU arasında imzalanmış təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair Anlaşma Memorandumu çərçivəsində təşkil edilən silsilə tədbirlərdən birinin olduğunu vurğuladı. ADİU-nun prorektoru xanım Səadət Qəndilova isə bu qəbildən olan müsabiqələrin tələbələrin sonrakı inkişaf mərhələlərində önəmli rol oynadığını bildirdi və gənclər üçün yaradılmış bu şəraitə görə müsabiqənin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda iştirakçılara fərqlənmə sertifikatları, müxtəlif hədiyyələr və qaliblərə isə  müxtəlif pul mükafatları təqdim olundu. Aida Həsənova, Əli Orucov və Sevinc Əliyeva finalda iştirak etmə haqqı qazanan tələbələr olaraq müəyyən olmuşdur. Qiymətləndirmə nəticəsində Əli Orucov “GƏNC İNVESTOR 2015” bilik müsabiqəsinin qalibi adına layiq görülmüşdür.

Qeyd edək ki, müsabiqə haqqında cari ilin 22 sentyabrıda Maliyyə Laboratoriyasının açılışı zamanı məlumat verilmişdi. Müsabiqədə ADİU-nun müxtəlif fakültələrindən 2-ci, 3-cü və 4-cü kurslarında təhsil alan tələbələr iştirak etmişdir. Məqsəd tələbələrin qiymətli kağızlar bazarına marağının artırılması və savadlı kadrların yetişdirilməsini təşviq etmək olan yarışma maliyyə tapşırığı əsasında elan olunmuşdu və tapşırıq tələbələrdən maliyyə vəziyyəti ilə əlaqədar çətinliklə üzləşən böyük bir şirkətin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi probleminə həll yolu təklif etməkdən ibarət idi. Qiymətləndirmə təhlilin keyfiyyəti – 40%, nəzəri və praktiki biliklərdən istifadə – 25 %, məzmun və yazı üslubu – 5 % və münsiflər heyəti tərəfindən verilən ballar – 30 % olmaqla aparılmışdır. Münsiflər heyətində İlqar Muradov (QKDK-nin Sədr müavini), Fariz Əzizov (BFB-nin İdarə Heyətinin Sədri), Vüqar Namazov (BFB-nin Əməliyyat və İT üzrə direktoru), Ceyhun İbrahimov (AFBİA İB İdarə Heyətinin sədri), Anar Rzayev (ADİU-nun Beynəlxalq İqtisad Məktəbinin direktoru), Elvin Mirzəyev (KBTM-nin təlimçisi) təmsil olunmuşlar.

Yekunda iştirakçılar və münsiflər heyəti xatirə şəkli çəkdirdilər.

IMG_3474