Borc alətləri bazarı

Borc alətləri bazarı dövlət orqanları və özəl şirkətlərə müxtəlif növ borc alətləri vasitəsilə borc cəlb etməyə imkan verən bazardır. Emitentlər borc cəlb edərkən şərtləri müəyyən etməkdə sərbəstlik, investorlar isə yatırımlarından sabit gəlir almaq imkanı əldə edirlər.

  • İpoteka istiqrazları barədə qısa məlumat

    İpoteka istiqrazlarını yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu buraxa bilərlər.

    İpoteka istiqrazları - ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır.

    İstiqraz - emitentin istiqraz sahiblərinə borclu olduğunu və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc adlı sənədsiz investisiya qiymətli kağızdır.

    İstiqrazlar üzrə gəlirlər buraxılışın növündən asılı olaraq faiz (kupon), diskont və qarışıq (həm faiz, həm də diskont) formada investorlara ödənilə bilər. Bir qayda olaraq qısa müddətli istiqrazlar əsasən diskontlu orta və uzun müddətli istiqrazlar isə faizli buraxılır.

    İpoteka istiqrazları orta və uzun müddətli olmaqla, faizli sənədsiz formada buraxılır.

    BFB-də istiqrazların yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur. İstiqrazların ticarətə buraxılması üçün ilk növbədə həmin qiymətli kağızlar BFB-də listinqdən keçməlidir.

    İpoteka istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçrilir. Qiymətli kağızların kütləvi təklifi emissiya prospekti ilə müşayiət olunur. Emissiya prospektinə və onun tərtib olunmasına dair tələblər QKDK tərəfindən müəyyən edilir.

    İstiqrazların təkrar bazarı artıq yerləşdirilmiş tədavüldə olan istiqrazlar üzrə təşkil olunur.

    BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir.

    İpoteka istiqrazlarının BFB-də ticarətinin təşkili barədə daha ətraflı məlumatı aşağıdakı keçidlərdə və ya bizimlə əlaqə saxlayaraq əldə etmək olar.