Bakı Fond Birjasında Listinq şərtləri

Azərbaycanda hər il onlarla şirkət (emitent) kapital bazarlarında səhm və istiqrazlarını yerləşdirməklə bizneslərinə əlavə milyonlarla vəsait cəlb etmə imkanı əldə edir. Emitent qiymətli kağızlarını birja vasitəsi ilə ticarətə buraxmamışdan əvvəl ilk növbədə Bakı Fond Birjasına (BFB) listinqə alınması ilə bağlı müraciət edir. Bakı Fond Birjasında ticarətə buraxılan qiymətli kağızlar emitentlərinin maliyyə, hesabatlılıq, şəffaflıq, korporativ idarə etmə göstəricilərinə əsasən 2 (iki) bazar seqmentində listinqə daxil edilir və hər bir seqment şirkətin inkişaf dərəcəsini əks etdirir. Qiymətli kağızlar BFB-də listinqə alındıqdan sonra investor bazasına təqdim olunaraq yerləşdirməsi həyata keçirilir.

Bildirmək istərdik ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Qiymətli Kağızların Emissiyası Sistemi vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi elektron şəkildə həyata keçirililir.

Premium Bazar Seqmenti

Burada emitentlərdən qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edilməsi, mənfəətlilik, səhmlər üzrə sərbəst bazarda tədavül həcminin təmin edilməsi tələb edilir. Emitentin nizamnamə kapitalının ümumi həcmi ən azı 2 500 000 manat olmalıdır. Premium bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.

Standart Bazar Seqmenti

Burada listinq üçün tələblər bir qədər yumşaqdır. Emitentin nizamnamə kapitalının ümumi həcmi ən azı 200 000 manat olmalıdır. Sərbəst tədavül həcminə dair isə heç bir tələb yoxdur. Standart bazar seqmentində qabaqcıl təşkilati, emissiya prospekti və ya informasiya memorandumu müşayiəti ilə birlikdə kütləvi təklif etmiş, maliyyə,idarə etmə hesabatlarının və digər məlumatların açıqlanması və idarətetmə standartlarının tətbiq edildiyi lakin, nisbətən orta əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.

Listinqə müraciət etmək üçün sənədlərin siyahısı*

Emitent qiymətli kağızların listinqinə görə Birja tərəfindən tələb olunan sənədləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən elektron formada və ya kağız daşıyıcıda təqdim etməlidir.

  1. Forma-1 (listinq barədə ərizə anket) (Ərizə 1)
  2. Qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti
  3. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş emissiya prospekti və ya informasiya memorandumu