Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Şirkətlərin İnkişaf Yolunda İPO və İstiqraz Buraxılışı mövzusunda biznes konfrans keçirilib

Korporativ xəbərlər

19 noyabr 2018-ci il tarixində Bakı Biznes Mərkəzində Bakı Fond Birjası (BFB)  və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) təşkilatçılığı ilə “Şirkətlərin İnkişaf Yolunda İPO və İstiqraz Buraxılışı” mövzusunda biznes konfrans keçirilib.

Konfransda maliyyə, kənd təsərrüfatı , sənaye, istehsalat, sığorta, tikinti və s. sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

İki hissədən ibarət olan  tədbirin birinci hissəsində “Grant Thornton Azerbaijan” şirkəti və BFB-nin nümayəndələri orta sahibkarlığın və ailə biznesinin inkişafında İPO-nun rolu və  Listinq Məsləhət Proqramı mövzusunda təqdimatlar edib və öz təcrübələrini bölüşüblər. Tədbirin ikinci hissəsində təşkil edilən panel  iclasında  “SOCAR  Kapital”, “Azfinance”, “PSG Kapital” şirkətlərinin, o cümlədən Bakı Fond Birjasının nümayəndələri tərəfindən “Kapital Bazarlarında qiymətli kağızlar təcrübəsi” mövzusu üzrə ətraflı müzakirələr aparılıb.

Tədbir zamanı orta sahibkarlığın kapital bazarları vasitəsi ilə maliyyələşməsi imkanları xüsusi olaraq diqqətə çatdırılıb. “Şirkətlərin İnkişaf Yolunda İPO və İstiqraz Buraxılışı” mövzusunda təşkil olunan konfransın əsas məqsədi kapital bazarları vasitəsi ilə maliyyələşmənin təşviqi, bu sahədə zəruri biliklərin formalaşdırılması, eyni zamanda potensial investorlar, şirkətlər və vasitəçi qurumlar arasında dialoqun qurulmasını təmin etməkdir.

Sonda tədbir iştirakçıları arasında ikitərəfli görüşlər  təşkil olunub.

Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı çərçivəsində Kapital bazarından maliyyələşmənin təşviqi və investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.