Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

SOCAR istiqrazlarının BFB-də yerləşdirilməsinin nəticələri və təkrar bazarı

Korporativ xəbərlər

Yerləşdirmənin nəticələri

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının (ISIN nömrəsi AZ2001019895) BFB-də yerləşdirilməsi 14 oktyabr  2016-cı il tarixində saat 11:26:14 həyata keçirilmişdir. İstiqrazlar nominal qiymətlə 100 000 000 ABŞ dolları olmaqla, tam həcmdə yerləşdirilmişdir.

SOCAR İstiqrazlarına ümumilikdə 203 milyon 495 min ABŞ dolları həcmində abunə sifarişi toplanmışdır. Abunə yazılışı müddəti ərzində bu vəsaitlər Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı Klirinq Hesabında toplanmışdır.

Beləliklə, Tələb təklifi 2 dəfədən artıq üstələdiyi üçün yerləşdirilmə zamanı Emissiya Prospektində qeyd olunan qaydada bölüşdürülmə aparılmışdır. Bölüşdürülmə zamanı fiziki şəxslərin abunə sifarişlərinə üstünlük verilmişdir.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İstiqrazların yerləşdirilməsinin yekunlarını təsdiq etmişdir.

17.10.2016 tarixində İstiqrazlar üzrə hesablaşmalar MDM tərəfindən tamamlanmışdır. Beləliklə, istiqrazlar üzrə faizlərin (kupon məbləğinin) hesablanması 17.10.2016 tarixindən etibarən başlamışdır.

 

İstiqrazların Təkrar Bazarına start

18.10.2016 tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının (ISIN nömrəsi AZ2001019895) BFB-də təkrar bazarına start verilir.

SOCAR İstiqrazlarının anderrayteri olmuş PSG-Kapital İnvestisiya Şirkəti həm də istiqrazların təkrar bazarda SOCAR tərəfindən təyin olunmuş Market-meykeri olmaqla, onların BFB-də təkrar bazar likvidliyini təmin edəcəkdir.

“PSG Kapital İnvestisiya Şirkəti” QSC istiqrazlar üzrə sabahdan etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcəkdir.

SOCAR birja üzvü olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaqdır.

SOCAR İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə, eyni zamanda ASAN xidmətin 1 və 5 saylı mərkəzlərində yerləşən birja üzvü nümayəndələrinə müraciət oluna bilər.